Yazar Aysel Əlizadə: “Xədicə İsmayılın hərəkətinin bir adı var, o da yüngüllükdür”
Millət vəkili Məlahət İbrahimqızı: “Ramil Səfərova “qatı cinayətkar” prizmasından yanaşanlar ermənilərə xidmət edir"
Tənzilə Rüstəmxalı: “Mövqeyi ermənilərlə üst-üstə düşən adamdır”
Mehriban Zeynalova: "Soyu, kökü məlum olmayan erməni Ramil Səfərova görə ayağa qalxa bilir,
Azərbaycanda kimsə bu haqda ağzıgöyçəkliyi özünə sığışdırır?"
Azərbaycan Macarıstanda həbsdə olan hərbçimiz Ramil Səfərovun həbsdən azad olunmasının və Bakıya gətirilməsinin sevincini yaşayır. Zabitimiz Ramil Səfərovun azad olunmasına başqa don geyindirənlər, hətta onu “cani” adlandıranlar da tapılıb. Jurnalist Xədicə İsmayıl “Facebook” sosial şəbəkəsindəki statusunda Ramil Səfərovun azad olunmasını əsassız adlandıraraq onun günahsız insanı öldürən “cani” olduğunu bildirib...
Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı jurnalist Xədicə İsmayılın mayor Ramil Səfərovun həbsdən azad olunması ilı bağlı statusunu Publıika.Az-a şərh edib. T.Rüstəmxanlı deyib ki, bu, Xədicə İsmayıldan gözlənilən hərəkətdir:
“O, ruhunu xarici fondlara satmış adamdır. Xədicə İsmayıl söz sahibidirsə, Azərbaycanın bayrağının qürurunu qoruyan Ramil Səfərova yox, minlərlə azərbaycanlının qanını tökən ermənilərə cani desin. Ramil Səfərova cani deməyi Xədicə İsmayılın mahiyyətini bir daha ortaya qoyur. Bu məqamda da onun mövqeyi ermənilərlə üst-üstə düşür”.
Prezident yanında Əfv Komissiyasının üzvü, millət vəkili Məlahət İbrahimqızı da Xədicə İsmayılın Ramil Səfərov haqda dediklərinə münasibət bildirib. Millət vəkilinin fikrincə, R.Səfərovun azadlığa buraxılmasını bu cür qiymətləndirən şəxslərin nə insanlıqdan, nə əxlaqdan, nə də beynəlxalq hüquqdan xəbərləri var:
“Bu insanlar ermənipərəst qüvvələrin təsiri altındadırlar. Xədicə başa düşmürmü ki, dövlətin atributlarını - gerbini, bayrağını və ərazi bütövlüyünü qoruyan bir zabitin başqa bir dövlətin zabiti tərəfindən hər gün təxribata çəkilməsi, atributlarımızın təhqir olunması nə deməkdir? Müharibədə Ramil Səfərovun ailə üzvlərinin, yaxın qohumlarının şəhid olması onu belə bir addım atmağa məcbur edib”.
Millət vəkili hesab edir ki, Ramil Səfərova “qatı cinayətkar” prizmasından yanaşanlar ermənilərə xidmət edir:
“Əfv Komissiyasının üzvü kimi deyə bilərəm ki, dövlət başçımız indiyədək Azərbaycan vətədaşı olmayan yüzlərlə məhkumun ekstradisiyası ilə bağlı sərəncam imzalayıb. Ekstradisiya məhkuma öz ölkəsinin hüquqları çərçivəsində cəzasının verilməsidir. Mən Ramil Səfərovun ekstradisiyasına, daha sonra isə prezident İlham Əliyev tərəfindən əfv olunmasına bu cür münasibət göstərilməsini həmin adamların hüquqi bilgilərinin az olması və erməni diasporunun təsiri altında olmaları ilə əlaqələndirirəm. Ermənistan prezidenti Serj Sarkisyan fəxrlə deyir ki, Xocalı soyqırımında, təcavüzkarlıqda iştirak etmişəm. Yaxşı olardı ki, Xədicə İsmayılova Sarkisyanla bağlı açıqlamalar versin. Desin ki, Xocalı qurbanlarının qatili nədən prezidentdir, nədən ABŞ-da, Avropada yüksək səviyyəli görüşlərdə iştirak edir... Xədicə İsmayılova kimi insanlara deməyə söz tapmıram. Bu cür fikirləri ermənilərdən gözləyirik, nəinki Xədicə İsmayılovadan. Qəbul edə bilmirəm ki, bu cür insanların etnik kimliyi azərbaycanlı ola bilər.
Millət vəkili sonda bildirib ki, Xədicə İsmayılova Ramil Səfərovun hansı acılar yaşamasını bilmir:
“Onun ailəsinin, yaxın qohumlarının ondan çox şəhidi var, o, evindən-eşiyindən didərgin düşüb. Eyni zamanda erməni zabiti Ramil Səfərovu hər gün təxribata çəkib. Bundan sonra Ramildən nə gözləyirsiniz?”
Hüquq müdafiəçisi Mehriban Zeynalova isə deyib ki, Ramil Səfərov haqda bu bir neçə il ərzində müxtəlif fikirlər səslənib. Hadisənin başvermə səbəbi, detalları məlum olduqdan sonra hansısa fikir səsləndirmək yersizdir:
”Mənə hüquq müdafiəçisi kimi yalnız bir şey maraqlıdır ki, Azərbaycanda milli maraq anlayışı nə zaman olacaq? Necə olur ki, heç bir soyu, kökü məlum olmayan erməni Ramil Səfərova görə ayağa qalxa bilir, Azərbaycanda kimsə bu haqda ağzıgöyçəkliyi özünə sığışdırır? Ermənilər bütün ədalətsiz vasitələrdən Azərbaycana qarşı istifadə edir. Biz isə real faktı öz lehimizə istifadə edə bilmirik. Ermənilər əsrlər boyu azərbaycanlıların qanına susayıb. Ramil Səfərova cani deyənlər tarixi və beynəlxalq qanunvericiliyi açıb oxusunlar. Kimin buna savadı və vicdanı imkan vermirsə, kömək edə bilərik. Ramil Səfərov Azərbaycanın milli qürurunun, bayrağının müdafiəsinə qalxmışdı. Gözünü duman örtənlərə bunu xatırlatmaq lazımdır”.
Yazar Aysel Əlizadə deyir ki, Xədicə İsmayılı başqalarının malının-mülkünün hesablayıcısı kimi tanıyır. Onun fikrincə, Ramil Səfərovla bağlı hər şey kifayət qədər aydındır:
“Bu situasiyada bütün sözlər boşunadır. Belə həssas məqamda kiminsə yersiz danışması əsəbləri qıcıqlandırır. Lakin buna fikir verməmək lazımdır. Xədicə İsmayılın Ramil Səfərovla bağlı işlətdiyi heç bir ifadənin çəkisi yoxdur. Onun dediklərində ədabazlıqdan, yüngüllükdən başqa bir şey görmürəm. Xədicə İsmayılın hərəkətinin bircə adı var, o da yüngüllükdür”.
Günay Muradlı