ANA SƏHİFƏ 

Bakıda bu məktəblərdə oxumaq təhlükəlidir - FOTOLAR
Cəmiyyət / Tarix 09 / 10 / 2012 Saat 16:20

18px16px14px12px

Publika.Az-ın “Gələcəyimizi necə xilas edək?” layihəsində növbəti mövzu şagirdlərin həyatı üçün hər an təhlükə yarada bilən məktəblərlə bağlıdır. Bu dəfə məktəblərin təmiri daha doğrusu təmirsizliyi məsələsinə toxunacağıq. 

Hər il bütün sahələrə olduğu kimi məktəblərin təmirinə də dövlət büdcəsindən müəyyən vəsait ayrılır. Təmir işləri Təhsil Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və s. qurumlar tərəfindən də aparılır. Təkcə Təhsil Nazirliyinə ötən il  təmir işləri aparılması məqsədilə 280 milyon manat vəsait ayrılıb. Dərs ilinin başlanmasına bir ay qalmış məktəblərdə qızğın təmir işlərinə start verilir. Amma təəssüf ki, əsaslı  təmir adı ilə başlanan işlər sadəcə divarların və qapıların boyanması ilə yekunlaşır. Bununla da məktəb yeni tədris ilinə hazırdır. Bu cür təmirlər də yazmaq istəmədiyimiz məşhur atalar sözünü  xatırladır. Nəticədə üzü bəzənmiş divar, tavan bir gün uçur və  şagird və ya müəllim xəsarət alır, ya da dərs ili başlanandan bir müddət sonra binanın qəzalı olduğu bildirilərək məktəbin küçürülməsi problemləri ortaya çıxır.

Təhsil Nazirliyindən verilən məlumata görə, bu il respublika üzrə ümumilikdə 50000 yerlik 167 yeni orta məktəb tikilib. Bunlarla yanaşı, 103 məktəb əsaslı təmir edilib, 21 məktəb üçün 5104 yerlik əlavə korpuslar inşa olunub. Nazirlik tərəfindən 16640 yerlik 45 yeni orta məktəb tikilib. Həmçinin, 3 təhsil müəssisəsi üçün 960 yerlik əlavə korpuslar inşa edilib və 15 məktəbdə əsaslı təmir işləri aparılıb. Amma bununla yanaşı bu gün təmirə ehtiyacı olan, qəzalı vəziyyətli binaların sayı az deyil.
  Məktəblərdə verilən təhsilin keyfiyyəti qədər onun hansı şəraitdə verilməsi də önəmlidir. Bir neçə il əvvəl Türkiyədə məktəblərin birində tualetdə əl-üz yuyanın uçması nəticəsində altı yaşlı Əfə Boz həyatını itirmişdi. Bizim məktəblərdə hələ ki, bu cür hadisələr ya yaşanmayıb, ya da bu barədə məlumat yoxdur. Amma məktəblərdəki mövcud vəziyyət  bu cür halların bizim üçün də qaçılmaz olduğunu göstərir. Uşaqlar məktəbdə təkcə təhsil yox, həm də xəsarət ala bilərlər. Şagirdlərimizi  hansı təhlükələrin gözlədiyini öyrənmək üçün paytaxt məktəblərinə baş çəkdik. 

İlk dayanacağımız Bakı Xareoqrafiya Məktəbi oldu. Məktəbin direktoru Neylüfər Kərimova 1986-cı ildə istifadəyə verilən məktəbin  bu vaxta qədər əsaslı təmir olunmadığını deyir. Təmirin nə vaxt olacağını heç direktor da bilmir. Məktəbin  yarı uçmuş və uçmaq təhlükəsi olan xarici divarları təmirə ehtiyac duyulduğu  sübut edir. Amma bununla kifayətlənməyib içəri daxil oluruq. Hər addımda 26 ildir əsaslı təmir olunmayan məktəbin buna nə qədər ehtiyacı olduğu hiss olunur. Gəzərkən ayağımızın altındakı döşəmənin hərəkətli taxtaları təmirin gecikməsi hissini bir an da unutdurmur.  Sinif otaqlarının da döşəməsi dəhlizdəkindən fərqlənmir. Dəhlizdə gəzərkən çoxdandır diqqətdən kənarda qaldığı, qarşısına əşyalar toplanmış liftin bina tikiləndən bu günə kimi istifadə olunmadığını öyrənirik. Bina tikilərkən liftin olması plana salınıb, quraşdırılıb, amma istifadəyə verilməyib. Balet dərslərinin keçildiyi siniflərə daxil oluruq. Bu otaqlarda vəziyyət daha təhlükəlidir. Zalların daş tavanı hər an uçmağa hazır vəziyyətdədir. Hər gün bu otaqlarda məşq edən şagirdlərin heç biri bu daş parçalarının başına düşməsindən sığortalanmayıb. Məktəbin çatlamış, uçub-tökülən divarları,  istifadə müddətini çoxdan bitmiş elektrik xətləri, pəncərələri  burda çalışanlar və oxuyanlar üçün təhlükə mənbəyidir. Direktor bütün bu sadalananlarla razılaşsa da, bu barədə yazmamağımızı söylədi. Hər vəchlə bizi məktəbin təmirli yerlərinə də baxmağa dəvət edir. Düzdür, məktəbdə dərs keçməyə uyğun otaqlar var, amma bunlar  barmaqla sayılacaq qədərdir. Şagirdlər hər an nəyinsə uçub başlarına tökülməsindən sadəcə bufetdə sığortalanıblar. Bu bufetin əla təmirli olmasından yox, şagirdlərin gedə biləcəkləri bufetlərinin olmamasından irəli gəlir. Nə qədər qəribə olsa da, məktəbin bufeti şagirdlərin  paltarlarını asmaları üçün nəzərdə tutulmuş guşədə bir küncdə yerləşib. Buradakı qidaların hansısa təhlükəsizlik norması, sağlamlığa zərərlərindən isə danışmaq mənasızdır. 

Məktəb Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir. Məsələ ilə əlaqədar nazirliyin mətbuat xidmətindən bildirdilər ki, nazirliyin tabeliyində olan məktəblər ehtiyac olduqda təmir olunur.  Bakı Xareoqrafiya məktəbinin  təmirinin planda olduğunu, ancaq nə zaman təmir olunacağı barədə dəqiq bir tarix deyə biləməyəcəklərini bildirdilər. Məktəbdə təmir işləri bir neçə il sonra mümkün ola bilər.
Demək, hələ bilinməyən müddət şagirdlər bu cür uçuq-sökük binada oxumağa məhkumdurlar. Təmirə qədər şagirdlərdən birinin tavandan qopan daş parçasının altında qalmayacağına heç kim təminat verə bilməz.

Məktəblərdəki reydimiz bununla bitmədi, paytaxtın 46 saylı məktəbində də vəziyyət heç də ürək açıcı deyil. Məktəbin direktoru Sevinc Budaqova da çoxdandır təmirə ehtiyac olduğunu qəbul edir. O, hazırkı durumun pis yox, bərbad olduğunu deyir. Amma məktəbdə hansısa çəkiliş üçün Bakı Şəhər Təhsil İdarəsindən icazə almadığımıza görə, bizi danladıqdan sonra özü idarənin mətbuat xidməti ilə əlaqə saxlayır. Ancaq idarədən müsbət cavab gəlmir. Direktor məktəbin təhsil tələblərinə cavab vermədiyini qəbul etsə də, nə bizim görməyimizə, nə də göstərməyimizə razı olmur.

 “Düzdür, məktəb təmirsizdir, amma 2013-cü il təmir planına salınıb. Ona görə də təmirsiz vəziyyətdən yazmaq mənasızdır. Bir il sonra təmir olunacaq, bütün problemlərimiz də həll olunacaq”.
Təhsil Nazirliyinin Əsaslı tikinti idarəsinin rəisi İsaxan Babayev bildirdi ki, nazirlik tərəfindən bu il 54 yeni  məktəb tikilib, 6 məktəbdə əlavə otaqlar tikilib, 10 məktəb isə əsaslı təmir olunub. Təmir işlərinə nə qədər vəsait xərclənməsinə gəldikdə isə idarə rəisi hər məktəb üçün  xərclərin fərqli olduğunu, ümumi rəqəmi isə deyə bilməyəcəyini bildirdi.

Paytaxtda nə qədər məktəbin təmirə ehtiyacı olması, nə qədərinin təmir olunacağı ilə bağlı  Bakı Şəhər Təhsil İdarəsi ilə dəfələrlə əlaqə yaratmağa çalışsaq da, telefonlarımıza cavab verən olmadı.  
Göründüyü kimi məktəblərin təmirinin vahid bir mərkəzdən idarə olunmaması da ciddi problemlər yaradır. Tikiləndən bir ay sonra məktəb binalarının divarlarının  çatlaması, döşəmə dağılması adi hal alıb. Ekspertlərin də fikrincə, əvvəllər tikinti işləri vahid bir mərkəzdən idarə olunurdu, yaranan problemlərə də bir qurum cavabdeh olurdu. Bu gün isə təmir-tikintinin ayrı- ayrı qurumların əlində cəmləşib. Məsuliyyət və səlahiyyət bölgüsü olduğundan tikililər istənilən səviyyədə olmur. 

Gülxar Şərif

Xəbər 3317 dəfə oxunub

Səhvlər barədə məlumat vermək



© 2012.PUBLIKA.AZ Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. . Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Şıxəliyev 20, m 10.
Tel: (+99412) 437 71 65, 437 71 68, 437 71 69
Fax: (+99412) 437 71 69
E-mail: [email protected]