Zəfər yolunun altında gizlənən vahiməli fakt: 38 il sonra... - Publika.az
Bizi izləyin

Köşə

Zəfər yolunun altında gizlənən vahiməli fakt: 38 il sonra...

Aqil Lətifov

Qlobusvari şəkilqabının kiçik gözlüyündən dünyaya açılan pəncərə, ağ-qara fotolardakı şəhər və Bəxtiyarın nisgilli söhbətləri. I Qarabağ müharibəsində əsir düşən Şuşa mənim üçün bu üç xatirədə birləşmişdi. Və bir də atamın Şuşalı şəkillərindən boylanan Cıdır düzü, Natəvanın heykəli, İsa bulağı vardı.

“Orda bir köy var, uzaqda

O köy bizim köyümüzdür

Getməsək də, varmasaq da

O köy bizim köyümüzdür”

şeirini eşidəndə həmişə Şuşanı xatırlayırdım. Və çox ağrılı idi bizim olan torpaqlara ayaq basa bilməmək. 30 il sonra Şuşaya getmək, əsirlikdən azad edilən şəhərimizə varmaq uşaqlığımı, fotolardan boylanan dünyanı, atasını Şuşada qoyub gələn və atası ilə birlikdə evini, yurdunu itirən dostumun öz içimdə hiss etdiyim ağrılarını və bu ölkənin, bu millətin 30 ildir çəkdiklərini keçmiş zamana ötürmüşdü sanki. Sanki Şuşa ilə bütün gedənlər qayıtmış, bütün narahat ruhlar dinclik tapmışdı. Çünki biz qayıtmışdıq.

Mən Şuşaya gedirdim, bu yola indi yox, sanki 30 il öncə uşaqlığımdan başlayaraq çıxmışdım və 30 illik yolun sonuna çatmağa az qalmış bütün duyğularım qarışmışdı. Millət olaraq illərin çəkdirdiyi kədər də vardı, həsrətin bitdiyi sevinc də. Bu yolda hər şey vardı...

Duyğularımı açıq nümayiş etdirən bir xarakterdə olmasam da, bu xəbər məni məndən almışdı, özümə hakim ola bilmirdim. Bəlkə də

Şuşa azad ediləndə sevindiyim qədər sevinirdim.

Yerə-göyə sığmırdım, ürəyimin döyüntüsü qulaqlarımı deşirdi, sanki bağrımı dəlib yerindən çıxacaqdı. Yerimdə otura bilmir, durub hayqırmaq, ətrafımdakı hər kəsi çiyinlərindən tutub özümə sıxmaq, yaşadığım hissləri, içimdəki sevinc fırtınasını onlarla bölüşmək istəyirdim. Bu, Medianın İnkişafı Agentliyindən mənə gələn zəngdə “baş redaktorları Şuşaya aparırıq, sizin də adınızı yazmışıq, sənədlərinizi göndərin” sözlərindən sonra yaşadıqlarımın qısa mənzərəsi idi...

Demə, Şuşanı görmək üçün dövlət qurumlarına, MEDİA-ya müraciət edənlərin sayı-hesabı xeyli çox imiş. Mənsə inanın, heç gözləmirdim. Çünki nə harasa müraciət etmişdim, nə də kimdən və hansısa qurumdan belə bir umacağım vardı.

Arzum Şuşanı digər rayonlarımız kimi sərbəst şəkildə məhəllə-məhəllə, küçə-küçə gəzmək, hər bir daşını, hər bir məkanını görmək idi.

Axı bu Şuşa Pənahəli xandan bəri nələrə sinə gərməyib, nələrə şahidlik etməyib ki...

Erməni vandalizminə “ürəyi” partlaya-partlaya necə dözüb...

Bu dağlar, bu sıldırım qayalar ermənilərin qadınlarımıza, qızlarımıza, balalarımıza qarşı dəhşətli işgəncələri ilə necə inləyib...

Şuşa ilə ilk tanışlığım

beş-altı yaşlarıma təsadüf edib. Atamın 80-ci illərdə Cıdır düzündə, Xan qızı Natəvanın bulağındakı fotoları ilə. Balaca, əl içi boyda olan qlobus formalı şəkil qabında idi atamın Şuşada çəkilən fotoları. Və gözümü həmin qlobusvari şəkil qabının balaca bir gözlüyü olan yerinə söykəyərək içərisindəki atamın Şuşada çəkilən fotolarını rəngli formada görürdüm. Bu Şuşa görüntüsü həyatımda dərin iz buraxaraq, uşaqlığımın hələ də yaddan çıxara bilmədiyim iki xatirəsindən biri olub.

Bir də atasını 1992-ci ildə Şuşanın müdafiəsində itirən və adı indiyədək itkinlər siyahısında olan Bəxtiyar Məmmədlinin söhbətlərindən tanımışam bu müqəddəs diyarı. İnan ki, atamın ayaq basdığı o yerləri, atamın oradakı xatirələrini, Bəxtiyarın dediklərini gözlərimlə görmək, o anılara əllərimlə toxunmaq hər zaman içimdə qanayan bir yara kimi axırdı... Nə yalan deyim, Şuşanın azad ediləcəyinə, dünya gözü ilə oranı görəcəyimə heç ümidim olmamışdı...

MEDİA-nın zəngindən sonrakı bu dörd gün keçmək, iplə çəkdiyim səfər günü isə çatmaq bilmir. Sanki bir ömür yaşadığım bu dörd gün nəhayət, bitir və

səfər gününün axşamı çatır.

Heç cür yata bilmirəm. Bir qədər gözüm yuxuya gedir və qəfil ayılıram, ki, səfər vaxtını qaçırmışam. Saata baxıram, heç on dəqiqə keçməyib. Dəfələrlə bu təkrarlanır və Şuşanı görmək həyəcanı yuxuları pərən-pərən salır.

Nəhayət, vaxt çatır, yola rəvan oluruq...

Ürəyə yaxın bir çox dostu, həmkarı burada gördüyüm üçün xeyli fərəhlənirəm. Bizim mikroavtobusda yol yoldaşı olduğum insanlardan isə bəhs etməsəm, günah olar. Hamımızın təsadüfən gəlib əyləşdiyi bu avtobusdakı insanların hər biri sanki xüsusi seçilərək bura yerləşdirilib. Adlarını çəkməsəm də, hər birinin bu vətəni layiqincə təmsil edən böyük şəxsiyyətlər olduğunu deyə bilərəm.

Çatırıq işğaldan azad edilmiş ərazilərə...

Ətrafda adamın gözlərini deşən erməni vəhşiliyinin izləri insanı vahiməyə salır.

Axı bir insan oğlu, bir canlı bu vəhşiliyi necə edə bilər?

Axı bir insan başqasının evini, ocağını, sərvətini bu şəkildə necə yağmalaya, talaya bilər?

Təbii ki, xislətini, keçmişini yada salan kimi, cavab tapmaq çətin olmur: bunları bir insan oğlu yox, ancaq erməni edə bilər.

Xəyallarım bir anda məndən uzaqlaşaraq 44 günlük savaşa gedib çıxır...

Aman Allah, 14 ay öncə buralarda nələr yaşanıb?

İnsanı riqqətə gətirən belə bir relyefə malik torpaqlarımız necə itirilib?

Və ordumuz nəyin bahasına, hansı şücaətlə, hansı qəhrəmanlıqla, hansı dəhşətli toqquşmalarla bu əraziləri geri qaytarıb?

Yol boyu o anlar bir lent kimi gözümün önündən keçir. Bu xəyallar qanadından

Zəfər yolunda ayılıram.

Sanki başqa bir dünyaya daxil oluram. Bu, elə bir dünyadır ki, bunu xəyal etmək belə insanı vahiməyə salır, dəhşətə gətirir. Halbuki, bu və bundan daha artığı yaşanıb...

İlahi, bizim maşınla şütüdüyümüz bu asfaltın altında hansı dəhşətlər yaşanıb...

İlahi, baxmaqla zövq aldığımız, insanı dağların başına, sanki buludların üzərinə aparan bu mənzərəli yolun altında hansı xatirələr yatır...

İlahi, bu asfaltın altında hansı mərdliklər, hansı qəhrəmanlıqlar, hansı igidliklər yaşanıb...

İlahi, bir-birini əvəz edən bu nəhəng, vahiməli dağlarla, dərələrlə, meşələrlə əsgərlərimiz necə irəliləyib...

İlahi, bu dağlardan, bu qayalardan hərbi texnikalar hansı dəmir iradə, hansı sarsılmaz şücaətlə keçirilib...

İlahi, bir insan bütün bunları necə bacara bilər...

Təbii ki, cavab birdir: bunu adi bir insan yox, ancaq Azərbaycan Əsgəri bacara bilərdi, necə ki bacardı...

O Azərbaycan əsgəri ki, Vətəni yağmalanıb, vətəndaşları heç bir millətin təsəvvür belə edərək yaşaya bilməyəcəyi ağlasığmaz vəhşiliklərlə üzləşib. Bu əsgər, bu əsgərin Komandanı bunları qiyamətə saxlaya bilərdimi? Yox. Necə ki, bütün keçilməz yollar, çıxılmaz dağlar aşıldı və qisas qiyamətə saxlanılmadı...

Və Zəfər yolunun ən yüksək zirvəsindən, qarşıda, sanki

göydən asılı qalan sıldırım qaya görünür.

Sürətlə dağdan aşağıya doğru, tam dibə enirik. Bir anda həmin qaya başımızın üzərində peyda olur.

Bura Şuşadır. Artıq çatırıq, şəhidlərimizin qanı ilə yenidən yuyulmuş, yenidən bizə Vətən edilmiş, bu müqəddəs torpağa - Şuşaya. Sözün həqiqi mənasında Şuşanı, orada yaşadıqlarını cümlələrlə ifadə etmək çox çətindir, hətta mümkünsüzdür. Düzdür, hər kəs özünəxas şəkildə Şuşanı cümlələrə düzür. Lakin fikrimcə, bütün sözlər, bütün cümlələr Şuşanı mədh etməyin qarşısında acizdir.

Bütün sözlər Şuşanı görməyin qarşısında bir heçdir.

Heç bir cümlə Şuşanı görməklə eyni tərəziyə qoyula bilməz...

Sadəcə Şuşanı görmək lazım...

Amma eyni zamanda Şuşaya gələ bilmək, Şuşanı görüb, hiss edib bunu pis, yaxud yaxşı hansısa bir yazıya tökmək özü belə müqayisəolunmaz xoşbəxtlikdir.

Şuşanı görmək, burada yaşadığın duyğular, hiss etdiyin rahatlıq, hüzur başqa bir dünyadır.

Sanki Şuşada Allaha daha yaxın, cənnətin özündə olursan...

Məncə, dünyanın bir möcüzəsidir Şuşa.

Təkcə Azərbaycanda deyil, dünyada buludların üzərində, yerə yox, göyə daha yaxın, sanki səmadan asılı qalmış, ətrafı sıldırım qayalarla əhatələnmiş belə bir diyar çətin olsun.

Şuşanın Azərbaycan torpağı olması sanki Allahın bizə bir lütfü, bir işarəsidir.

Ağlasığmaz mərdlik, inanılmaz üsullarla və hərbçilərimizin qanı, canı bahasına Şuşanın yenidən Vətən edilməsi isə möcüzəyə başqa bir möcüzə qatır.

Əgər bu gün Şuşaya ayaq basa biliriksə, bunu Ali Baş Komandana, Şəhidlərimizə, Qazilərimizə, Əsgərlərimizə borcluyuq.

O Ali Baş Komandan ki, bütün dünyaya qarşı bir addım belə geri çəkilmədi, bu gözəlliyi, göz bəbəyimizi bizə ərməğan etdi.

O Komandan ki, düşmənin layiqli cavabını döyüş meydanında topu, tüfəngi ilə, siyasi meydanda isə silahdan iti sözü ilə verdi.

O Ali Baş Komandan ki, təkcə torpağımızı deyil, əyilmiş qəddimizi dikəltdi, mənliyimizi, kişiliyimizi, namusumuzu, qeyrətimizi özümüzə qaytardı.

O Komandan ki, bizi düşmənin ayaqaltısı olmaqdan, erməninin torpağımızda gəzməklə bizə işgəncə verməsindən xilas etdi.

Hərbçilərimizin isə bu dağlarda, bu sıldırım qayalarda dillərə dastan mərdliyi ilə düşmənə toy tutması başqa bir dünyadır.

O dünya ki, Şəhidlərimizin qanı ilə yuyulmasaydı, biz bu gün buralarda başıdik, əldə telefon deyə-gülə gəzə bilməz, əvəzsiz hisslər yaşaya bilməzdik...

Aşağıda, sanki əlinin içində bir Xankəndi nisgili...

Cıdır düzündən baxanda bir qol məsafəsində, reallığa baxdıqda uzaqda - əslində o qədər də uzaqda yox - bir Xankəndi, Xocalı yanğısı görünür...

Ona görə o qədər də uzaqda yox ki, İlham Əliyev kimi Prezidentimiz var. Hər halda Şuşa, azad olunan digər ərazilər bizim üçün çox-çox uzaq, məsafəcə və reallıqda da gen, əlçatmaz arzu, yuxu idi. Məhz İlham Əliyev bu uzaqları yaxın, bu yuxunu gerçək etdi. Deməli, Xankəndi, Xocalı arzusunu da Prezidentimizin iradəsinə buraxmaq lazımdır. O, özü dediyi kimi, nəyi necə və nə zaman etdiyini çox gözəl bilir. Deməli, Əliyevin bu yaxın arzumuzu çox yaxın etməsi də uzaqda deyil...

Əgər bu hissləri yaşaya, bütün bunları qələmə tökə biliriksə, səbəbkarı - Medianın İnkişafı Agentliyini də unutmamaq gərək. MEDİA-nın kollektivinin qüsursuz təşkil etdiyi bu səfər, başda Natiq Məmmədli olmaqla, agentliyin bütün əməkdaşlarının səfər iştirakçılarına isti münasibəti, qayğı ilə yanaşması xoş təəssürat buraxdı. Zatən başqa cür münasibət Şuşanın ruhunu oxşamazdı...

Hər kəs razılaşar ki, Şuşanı görmək əsl bayram hədiyyəsi oldu. Mənim üçünsə mübaliğəsiz 19 illik jurnalist fəaliyyətimin, 38 illik ömrümün ən böyük, ən əvəzsiz ərməğanı, həyatımda yeni səhifə idi...

Hələlik, əziz Şuşa, növbəti dəfə yaxın aylarda Bəxtiyargilin evində görüşmək ümidi ilə...

Rəylər
Oxumağa davam et
Reklam

Köşə

Ərin ayağını yumalımı, yumamalımı?

Məktəbli vaxtlarımda gələcəyim haqda düşünəndə həmişə özümü çox-çox yuxarılarda təsəvvür edirdim. Gələcəklə bağlı arzularımın heç bir yerində məişət yox idi. Mən iş qadını olacaqdım, mən tanınmış biri olacaqdım, mənim gözüm ayağımın altını görməyəcəkdi, mən ancaq və ancaq irəli gedəcəkdim, səyahətlərdə, tədbirlərdə keçirəcəkdim günlərimi. Ekstra sosial bir həyatım olacaqdı. 

Rus dili müəllimimiz vardı, olduqca fərqli biri idi. Yola getmirdik ama onu sevirdim. Zövqlü idi, dəyişik idi, hər şey haqda açıq danışa bilirdi bizimlə. Yenilikçi idi, müasir idi. Elə bilirdim ki, ona bənzəyirəm, elə bilirdim hədəflərimiz eynidir. Tez-tez qızları başına yığıb səmimi söhbətlər edərdi. Bir dəfə xatırlamıram, nəsə müzakirə edirdik. Mən mövzuya fikrimi bildirərkən sinif yoldaşıma onu aşağılamaq üçün “gedib bozbaş bişirərsən” deyib gülmüşdüm. Müəlliməm həmişəkindən çox-çox fərqlənən bir səs tonu ilə sözümü kəsib “Sevdiyin adama bozbaş bişirməkdən gözəl nə ola bilər ki, Nərmin”-demişdi. Bu cümlə, bu söz, o sanki pərtliyim - bunlar yox, məhz o səs tonu qəribə şəkildə təsirləndirmişdi məni. O sərt qadından çıxan bu yumşaqlıqda böyük bir həqiqət vardı, hiss etmişdim. 

İllər keçdi, böyüdükcə böyüdüm. O arzusunda olduğum yüksəkliyə doğru yüyürməyə başladım. Nəfəsim kəsildi, nəfəsim. Qalxmaq istədikcə düşdüm, sərtləşdim, kobudlaşdım, yoruldum, çökdüm. O deyilmiş, mənim yerim ora deyilmiş. 

Bir də baxdım ki, evə qapılmışam, bir də baxdım ki, özümü xoşbəxt hiss etdiyim yer evdir, bir baxdım ki, bacardığım ən gözəl iş yemək bişirməkdir, bir də baxdım ki, ən çox ana ola bilirəmmiş…

İki gündür Lalə Azərtaşın məlum videosu ətrafında müzakirələr gedir. Təbii, xanımın ifadə tərzi o qədər də xoşagələn deyil. Amma məncə bu qədər adamın narahatlığı məhz bu deyil. Siz hamınız ona görə cin atına mindiniz ki, mənzərəni fərqli təsəvvür etdiniz. Məsələn, tanımadığınız, yad bir insan ayaqlarını suya qoyub və siz o ayaqlara toxunursunuz. Mənim də ürəyim bulandı, haqlısınız. Bir də başqacür təsəvcür edək, sevdiyiniz insan oturub o adamın yerində. Fikriniz dəyişdimi? Mənim bulantım keçdi.  

Yurdumun insanının sevgi anlayışı fərqlidir, qısıtlıdır, sarsıdıcıdır, müvəqqətidir, yalnız hormonlarına xidmət edir. Bütünləşə bilmirik, bilsək iyrənməzdik. Öz ayağınızdan iyrənirsinizmi məsələn?

Dediyim odur ki, ömrünü paylaşdığın insana qulluq etmək sənə əzab kimi gəlirsə, sən haqlısan. O su , o mənzərə ürəyini bulandırırsa, sən haqlısan. İçində olduğun mübasibət bunu gərəkdirir - iyrənməyi.

Əgər qulluq etməkdən, yemək bişirməkdən, özənməkdən həzz alırsansa, əlinlə suyun temperaturunu ölçürsənsə tez-tez, o suya toxunmaqdan iyrənmirsənsə, sən sevirsən.

Sən ərinin ayağını yuyub suyunu içməməlisən. Bunu sənə arzulamıram.

Sənə bu qədər gözəl sevməyi arzulayıram, gözəl qadın!

Nərmin Hüseynzadə

Oxumağa davam et

Köşə

Ən yanlış tibbi fakt budur

Bəzi hallarda etdiyimiz səhvlərin altında mütləq bir doğru payı olur. Amma çox vaxt büdrəməyimizə nə qədər fəlsəfi don geyindirsək də, yanlış elə yanlışdır. 

Əsla bu səhvi etməsəydim, öz yolumu tapmazdım demirəm. Məncə, insan ən acı təcrübəsindən sonra duruma uyğunlaşmağını, o qarışıqlığın içində var olmağa çalışmağını böyük cəsarət zənn etdiyi üçün özünü öyməyə başlayır. Bəlkə də buna görə xırda uğurlarına taleyin əsəri deyib, "bərkə düşmədən, zirvəyə çıxmazdım" adlı hipotizlər uydurmazdı. 

Mənim vətəndaş mövqeyim də, içimdəki şəxsiyyət vəsiqəsi almaqdan imtina edən havadakı kimliyim də çoxdan belə möcüzələri rədd edir. Yəni doğrudanmı düşünürsən ki, qarşına çıxan vicdansıza yem olan qürurunun parçalarını yapışqanlı birləşdirib daha uğurlu həyata başlayırsan?! Əslində bizdən çimdik-çimdik qoparılan sinirimiz, güvənimiz, məsum baxışlarımızın yerində tikan bitir. Bəlkə də yaşadıqlarımızdan sonra dörd yanımıza tikdiyimiz hündür hasarlarımız bizi qorumağın ideal yolu deyil. Əslində "gücləndim" saydığımız o mifin altında incinən mənliyimiz, bir də dadmayacağımız ən körpə duğularımız can verir. 

Məsələn, 10 yaşımda ağladığım faciəmi 20 yaşımda orta statistik hadisə zənn edirəmsə, 20 yaşımda can atdığım insanlar 30 yaşımda lax yumurta kimi üfunətə bürünürsə, mən sinəmə böyüməyim, müdrikləşməyim münasibətilə saxta medallar asmıram. Bəlkə xəmirimi yoğurub acıtmasaydılar, qaynar sobada  bişirib üzümü qızartmasaydılar, sonra dişlərinə çəkib tikə-tikə yeməsəydilər öz tarlamda küləklərə dost olardım. Bilmirəm, hərdən bərkimədən öncə o pambıq, naşı mexanizmim üçün darıxıram. Bəlkə də sərt tənqidlərin qarşısında aciz idim, bəlkə də normadan artıq yasa batırdım, amma ən xırda sevinclərin içində lap dərində boğula bilirdim. Hadisələri idarə edə bilmirdim, amma duyğularımın çalarları daha zəngin idi. 

Eşitdiyim ən absurd fakt var. Guya insanın gözündən başqa bütün orqanları qocalmağa məhkumdur. Elə yanlış müşahidə, bəlkə də tibbi faktdır ki... Deməyin ki, ananız öləndən sonra axıb gedən göz yaşlarınızın ardınca əvvəlki işıltı ilə baxmısınız. Deməyin ki, bir vaxtlar ən adi şeylərə baxıb alovlanan bəbəkləriniz yenə eyni nəsnələrdən qığılcımlanır. İnsanın gözündə hər şey adiləşir. Dəhşət sandığınız qəza xəbərlərinə bir müddət sonra baxmağa cəsarət etdikcə, ruhu çıxan canları qucaqladıqca, görmək istədiklərinizin xəyalı da xatirənizdən silindikcə, gözləriniz də daşlaşır... baxışlarınız da sərtləşir... Uzaqdan pıçıldayan keçmişin nəğməsi, qonşudan gələn ananın yeməyinin ətri, ağacların tumurcuqlarından qopub tökülən ləçəkləri bir anlıq gözünə ox olub batdıqca, özünü kənardan izləyirsən. İstəsən də, mümkün deyil itirdiyin "sən"ləri tapıb içində bəsləmək. 

Bəlkə də buna görə böyüdükcə böyüməyin bir işə yaramadığını anlayırsan. Bir yaran sağalmadan, ard-arda yoluna tökülən ifrat təcrübə parçalarına ilişib küt ağrı ilə qidalanırsan.

Oxumağa davam et

Köşə

Şər-böhtan kampaniyası iflasa uğradı

İtaliyanın Milan Apellyasiya Məhkəməsinin İkinci Cinayət Palatası 16 may 2022-ci ildə tarixi qərar qəbul edərək bir neçə il davam edən şər-böhtan kampaniyalarına,  qondarma korrupsiya iddialarına son qoydu.  

Belə ki, Milan Məhkəməsi 2018-ci ildə azərbaycanlı deputatlar Elxan Süleymanov və Müslüm Məmmədovu AŞPA üzvü və qurumun ən böyük siyasi fraksiyası olan Avropa Xalq Partiyası (EPP) qrupunun sədri, italiyalı deputat və beləliklə, dövlət rəsmisi Luka Volonteyə öz vəzifələrindən Azərbaycanın maraqları naminə icra etməsi və xüsusilə Azərbaycanda siyasi məhbuslara dair “Ştrasser Məruzəsi”nin əleyhinə səs vermələri üçün digər parlamentariləri inandırması üçün ödəniş etməkdə günahlandırmaqla məhkəmə prosesi başlamışdı. Birinci instansiya məhkəməsində prokuror korrupsionerlər qismində Elxan Süleymanovu qərarverici, Müslüm Məmmədovu göstərişlərin icraçısı kimi müəyyənləşdirmişdi və onlara qarşı 21 epizod üzrə ittiham irəli sürmüşdü.

Milan Məhkəməsi bir neçə il davam etmişdir məhkəmə prosesinin nəticəsi olaraq 2021-ci ilin yanvar ayında Süleymanov, Məmmədov və Volonte barəsində yalnız 3 epizod üzrə (2012-ci ilin dekabr ayı ilə 19 mart 2013-cü il aralığında) hökm çıxardı və digər 18 epizodla bağlı bəraət verdi. Bununla belə, Milan Məhkəməsi günahlandırılan üç şəxsin (Luka Volonte, Elxan Süleymanov, Müslüm Məmmədov) hər biri barəsində 4 il azadlıqdan məhrumetmə qərarı verdi.

Lakin İtaliya qanunlarına əsasən məhkəmənin yekun qərarı yalnız apellyasiya məhkəməsi və kassasiya məhkəməsi tərəfindən təsdiq edildikdən sonra və ya heç kim qərar barədə apellyasiya şikayəti vermədiyi halda qüvvəyə minmiş hesab edilir. Odur ki, Milan Apellyasiya Məhkəməsinin İkinci Cinayət Palatası birinci instansiya məhkəməsinin qərarı ilə bağlı araşdırmalara başladı və, nəhayət, Milan Apellyasiya Məhkəməsinin İkinci Cinayət Palatası 16 may 2022-ci ildə qeyd edilən işlə bağlı qərar qəbul etdi. Apellyasiya Məhkəməsi italiyalı deputat Luka Volonte, azərbaycanlı deputatlar Elxan Süleymanov və Müslüm Məmmədov barəsində Milan birinci instansiya Məhkəməsi tərəfindən 2021-ci ilin yanvar ayında verilmiş 4 il həbs cəzası qərarını ləğv etdi. Diqqəti çəkən məqam ondan ibarətdir ki, Milan Apellyalsiya Məhkəməsində Dövlət Prokurorluğu Milan Məhkəməsi tərəfindən Elxan Süleymanov və Müslüm Məmmədov barəsində verilmiş qərarın ləğvini istədi və bildirdi ki, Prokurorluq Ofisi istintaqın əldə etdiyi bütün nəticələri protokola daxil etməmiş və beləliklə birinci instansiyada daha şüurlu, tam və olduqca mükəmməl müdafiənin qarşısını almışdı.

Beləliklə, Milan Apellyasiya Məhkəməsi bir neçə il davam edən əsassız iddialara, şər-böhtan kampaniyasına son qoydu. Belə ki, korrupsiya iddiaları ilə başlamış bu iş əvvəlcədən siyasi xarakter daşıyırdı, AŞPA-da və bir sıra Avropa təsisatlarında ölkəmizin beynəlxalq aləmdə uğurlarından narahat olan güc mərkəzlərinin, ermənilərin, ermənipərəst qüvvələrin, daxili bədxahların Azərbaycana qarşı apardığı təzyiq kampaniyasının tərkib hissəsi kimi gündəmə gəlmişdi. 

Lakin bu siyasi xarakter daşıyan əsassız, qondarma və saxta korrupsiya iddiaları haradan qaynaqlanmışdı və nə üçün Elxan Süleymanov və Müslüm Məmmədova qarşı ittihamlar irəli sürülmüşdü? 

Bu suallara cavab axtarmaq üçün heç də uzağa getmək lazım deyil.

Əlbəttə ki, əvvəlcədən siyasi xarakter daşıyan bu iddiaların əsas hədəfi Azərbaycan dövləti idi. Belə ki, davamlı olaraq AŞPA-da Azərbaycana qarşı aparılan təzyiqlərə baxmayaraq, ölkəmiz bu qurum çərçivəsində bir çox ciddi uğurlara nail olmuşdu və bu Azərbaycanın düşmənlərini narahat etməyə bilməzdi. Bu nailiyyətlərdən bəzilərini qeyd etmək zəruridir:

AŞPA-da siyasi məhbuslara dair qəbul edilmiş heç bir meyar olmadığı halda Avropa Şurasının 47 üzvündən yalnız Azərbaycan üzrə siyasi məhbuslar məsələsinə dair məruzəçilər təyin edilirdi, Azərbaycanın AŞPA-ya qəbul olunduğu gündən indiyədəkdaim bu qondarma məsələ  Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə edilirdi. Yalnız Azərbaycanın mübarizəsi nəticəsində, təvəzökarlıqdan uzaq olsa da, insan haqları komitəsinin üzvü kimi Elxan Süleymanovun bir neçə il ərzində davamlı təkidlərindən sonra  siyasi məhbusların müəyyənləşdirilməsi üçün hüquqi meyarların mövcud olmaması AŞPA tərəfindən etiraf edildi. AŞPA-da məruzəçi Ştrasser müstəqil ekspertlərin 2001-ci ildə təklif etdikləri müvəqqəti meyarları öz məruzəsinə daxil etdi və 2012-ci ildə həmin meyarlar qəbul edildi. Lakin Ştrasserin Azərbaycanda siyasi məhbusların izlənilməsinə dair məruzəsi 2013-cü ilin yanvar sessiyasında qəbul edilmədi.

Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov tərəfindən “Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və digər ərazilərində gərginliyin artmasına dair” və  “Azərbaycanın cəbhəyanı rayonlarının sakinləri qəsdən sudan məhrum edilməsinə dair” qətnamə layihələri irəli sürüldü. Britaniyalı deputat Volterin hazırladığı “Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və digər ərazilərində gərginliyin artmasına dair” məruzə ATƏT-in ermənilərin xeyrinə absurd bəyanatdan sonra cəmi 3 səslə qəbul edilməsə də, onun hazırlanaraq plenar iclasda müzakirəyə çıxarılması düşmənlərə böyük zərbə oldu. Bosniya və Herseqovinalı deputat Milisa Markoviçin hazırladığı “Azərbaycanın cəbhəyanı rayonlarının sakinləri qəsdən sudan məhrum edilməsinə dair” məruzəyə dair 2085(2016) saylı qətnamənin qəbul edilməsi, bu qətnamədə Ermənistanın işğalçı kimi tanınması, Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərdən silahlı qüvvələrinin dərhal çıxardılması tələbi, sudan mülki əhaliyə qarşı silah kimi istifadə etməyin yolverilməzliyi, bölgədə ekoloji terrora görə məsuliyyət daşıması kimi müddəaların olması Azərbaycanın böyük uğuru, düşmən tərəfin iflası oldu.   

Azərbaycanın AŞPA-da əldə etdiyi uğurlardan ciddi şəkildə hiddətlənən anti-Azərbaycan qüvvələr Azərbaycana qarşı strategiya işləyib-hazırlamış və bu strategiyanı reallaşdırmağa davamlı səylər göstərmişlər. Onlar öz məqsədlərinə nail olmaq üçün Azərbaycana qarşı məkrli planların həyata keçirilməsinə məruzələrin gündəmə gətirilməsi yolu ilə, yəni dünyada qəbul edilmiş demokratik səsvermə yolu ilə nail olmasının qeyri-mümkünlüyünə əmin olaraq yeni strategiya seçdilər – Azərbaycana qarşı əsassız korrupsiya iddiaları irəli sürərək AŞPA-da qəbul edilmiş qərarların obyektivliyini şübhə altına almaq və yenidən gündəliyə gətirilməsinə nail olmaq. 

Əlbəttə, AŞPA-da anti-Azərbaycan və ermənipərəst qüvvələrin Azərbaycana qarşı yeni siyasi təsir imkanları əldə etmək məqsədilə hazırladıqları strategiyaların əsasında qondarma siyasi məhbus məsələsinin hər vəchlə yenidən gündəliyə qaytarılması və ondan Azərbaycana qarşı istifadə edilməsi dayanırdı. 

Sadəcə, bu məkrli strategiyanın reallaşdırılması üçün “Ştrasser məruzəsinin” qəbul edilməməsinin səbəbi qismində Azərbaycan hakimiyyətini korrupsiya yolu ilə Avropa deputatlarını ələ almaqda günahlandırmaq lazım idi və bu qondarma korrupsiya əməllərini həyata keçirən deputatları müəyyən etmək qalırdı. Bu məqsədlə AŞPA-da korrupsiya iddialarının araşdırılmasına dair İstintaq Orqanı yaradıldı. İstintaq Orqanı tərəfindən qısa müddət ərzində Azərbaycana qarşı heç bir dəlil və sübut olmadan saxtalaşdırılmış və böhtanla dolu cinayət işləri fabrikləşdirildi, anti-Azərbaycan güc mərkəzlərinin, ermənipərəst qüvvələrin, daxili bədxahların köməyi nəticəsində 60-dan çox AŞPA üzvü, komitə və fraksiya sədrləri, hətta Avropa Şurasının prezidenti istefa verməyə məcbur edildi.

Elxan Süleymanovun və Müslüm Məmmədovun korrupsiya iddiaları ilə ittiham edilməsi isə Azərbaycana qarşı yönəlmiş kampaniyaların qarşısının alınmasında onların xüsusilə aktivlik göstərməsi ilə bağlı idi. Belə ki, 2010-cu ildən bəri AŞPA-da, AP-də, Avronest PA-da insan hüquqları və söz azadlığı, siyasi məhbus məsələsi, seçkilər, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarını işğal altında saxlaması və digər məsələlərdə Azərbaycanın maraqlarının təmin edilməsi istiqamətində aktiv mübarizə aparması, onun AŞPA-da “Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və digər ərazilərində gərginliyin artmasına dair” və  “Azərbaycanın cəbhəyanı rayonlarının sakinləri qəsdən sudan məhrum edilməsinə dair” qətnamə layihələri irəli sürməsi, AŞPA-da siyasi məhbuslara dair meyarların olmamasını sübuta yetirməsi, qərəzli “Ştrasser məruzəsinin” qəbul edilməsinin qarşısının alınmasında davamlı və genişmiqyaslı mübarizə birbaşa məni-Elxan Süleymanovu və Müslüm Məmmədovu ittiham edilməsi üçün hədəfə çevirmişdi. Qənaətimcə, “böyük” Almaniya dövlətinin deputatı Ştrasserə qarşıkiçik Azərbaycan Respublikasının deputatı Elxan Süleymanovun prinsipiallıq nümayiş etdirərək dirəniş göstərməsini həzm etmək iqtidarında olmadığını göstərdi.

Qeyd edim ki, mən məruzəçi Ştrasserin Azərbaycana qarşı düşmən mövqeyinə qarşı Azərbaycan, Avropa mətbuatında daima çıxış etmişəm. 

Odur ki, bu mübarizənin və uğurların qarşısını almaq üçün Elxan Süleymanov və onun yaxın həmkarı Müslüm Məmmədov anti-Azərbaycan qüvvələr tərəfindən hədəf kimi seçildilər və qondarma korrupsiya iddiaları ilə ittiaham edildilər. Bu illər ərzində biz qondarma ittihamlar, mənəvi və maddi  təzyiqlərlə üzləşdik, heç bir əsası olmadan iztirablara məruz qaldıq. 

Milan Apellyalyasiya Məhkəməsinin İkinci Cinayət Palatası 16 may 2022-ci il tarixdə qəbul etdiyi qərarla Luka Volonte, Elxan Süleymanov və Müslüm Məmmədova qarşı irəli sürülmüş korrupsiya ittihamlarının heç bir əsasının olmadığını bir daha sübuta yetirdi. Bununla da AŞPA-da şər və böhdan kampaniyası iflasa uğradı.

Mən 20 illik siyasi və ictimai fəaliyyət təcrübəmə əsaslanaraq Milan Məhkəməsinin bugünkü qərarını ədalətin təntənəsi hesab etmirəm, bu qərarla hakim sadəcə olaraq özünü vicdan məhbusluğundan azad etdi. Çünki bizim, Elxan Süleymanov və Müslüm Məmmədovun  heç bir günahı yoxdur və cinayət işlətməmişdik. Biz AŞPA-da Azərbaycana qarşı yaradılmış birləşmiş güc mərkəzlərinin apardığı terrorun, şər-böhtan kampaniyalarının əleyhinə mübarizə aparamışıq.

 Bu, Azərbaycanın uğurlarına qarşı terror idi, güc mərkəzlərinin sifarişi əsasında ermənilərin və ermənipərəstlərin, daxili bədxahların ölkəmizə qarşı apardığı şər və böhtan kampaniyası idi. Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq uğrunda fəaliyyətimi dayandırmaq, məni susdurmaq üçün atılmış məkrli addım idi.  Biz Azərbaycana layiqli xidmət göstərmişik, şərə, böhtana qarşı mübarizə aparmışıq və bunun qurbanı olmuşuq. 

Bu günkü reallıqlarda isə bu məsələ artıq gündəmdə deyil və məhkəmə hüquqa tamamilə göz yuma bilməzdi. Lakin məhkəmə ədaləti bərpa etməyib, günahsız insanların haqqını özünə qaytarmağa məcbur olub. Mən millət vəkili və AVCİYA prezidenti kimi Avropa strukturlarında fəaliyyətimə, təcrübəmə əsaslanaraq, deyə bilərəm ki, Avropada həqiqi demokratiya yoxdur, onlar   güc mərkəzlərinin sifarişlərini icra edirlər. 

AVCİYA prezidenti,

qondarma iddialardan azad olunmuş Elxan Süleymanov

Oxumağa davam et
Reklam

Gündəm